Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı müsabiqə keçirir.
AVCİYA-dan APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunu elektron və çap kütləvi informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu və tamaşaçı auditoriyasının vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarətdir.
Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər. Müsabiqədə 1 fevral 2017-ci ildən 30 iyun 2017-ci il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportaj iştirak edə bilər. Müsabiqədə I yer tutan şəxs 750 manat, II yeri tutan şəxs 500 manat və III yeri tutan şəxs 250 manat məbləğində mükafatlandırılacaq. Təqdim ediləcək materiallar [email protected] elektron ünvanına göndərilməlidir.