Bu ilin I rübündə Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara 49 mln. manatdan çox güzəştli kredit verib

Bu ilin I rübündə Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara 49 mln. manatdan çox güzəştli kredit verib
# 25 aprel 2012 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 481 layihənin icrası üçün 49 131,2 min manat məbləğində güzəştli kredit verilib.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 453 layihənin realizəsinə ayrılan 5 523,2 min manat kiçik həcmli kreditləri, 9 layihənin icrasına verilən 1 920,0 min manat orta həcmli kreditləri, 19 layihənin həyata keçirilməsinə ayrılan 41 688,0 min manat isə böyük həcmli kreditləri əhatə edib.

Cari ilin I rübündə sahibkarlara ayrılan 6 051,0 min manat müxtəlif sənaye məhsullarının istehsalı və emalına (26 layihə), 6 500,0 min manat kənd təsərrüfatı məhsullarının emalına (3 layihə), 29 145,2 min manat kənd təsərrüfatı məhsullarının istehsalına (443 layihə), 7 435,0 min manat isə xidmət (infrastruktur) sahələrinin inkişafına (9 layihə) yönəldilib.

Ümumiyyətlə, SKMF tərəfindən cari ilin yanvar-mart aylarında layihələrin icrasına ayrılan güzəştli kreditlər hesabına 2 148 yeni iş yerinin yaradılacağı gözlənilir.

Qeyd edək ki, 2012-ci ildə SKMF sahibkarlara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 200 mln. manat güzəştli kreditlər verəcək. Vəsaitin 90 mln. manatı dövlət büdcəsindən, 110 mln. manatı isə geri qaytarılan vəsaitlər hesabına təmin olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR