Azərbaycanda neft-qaz və neft-kimya kompleksi üçün vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanda neft-qaz və neft-kimya kompleksi üçün vergi güzəştləri tətbiq olunacaq
# 11 aprel 2012 09:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yaradılan yeni neft-qaz və neft-kimya kompleksinin (NQNK) rentabelliyinin artırılması üçün ona qarşı xüsusi hüquqi rejim tətbiq ediləcək. «APA-Economics»in məlumatına görə, bunu «OMNI» hüquqi şirkətinin nümayyəndjəsi Ceyhun Bayramov Bakıda keçirilən beynəlxalq neft forumundakı çıxışında bildirib: «Layihənin rentabelliyinin təmin edilməsi, xarici və beynəlxalq kreditlərin qaytarılmasının asanlaşdırılması üçün burada sadələşdirilmiş və proqnozlaşdırıla bilən hüquqi rejiminin yaradılması məqsədəuyğundur».

Onun sözlərinə görə, xüsusi hüquqi rejiminin tətbiqi ilə bağlı qanun qəbul ediləcək və artıq Azərbaycan Dövlət Neft Şirkəti bununla bağlı xüsusi qanunun qəbul edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bura kreditorlar üçün təqdim edilən maliyyə vəsaitlərinin cəlbediciliyinin artırılması məqsədilə vergi məsələlərinin tənzimlənməsi, avadanlıqların idxalı ilə bağlı xərclərin azaldılması, idxal rüsumları ilə bağlı məsələnin tənzimlənməsi, layihənin rentabelliyinin və iqtisadi cəlbediciliyini artırmaq məqsədilə təqdim olunan xammalın qiyməti və istehsaldaxili qiymətlər və məhsulların yekun satış qiymətləri ilə bağlı məsələlərin tənzimlənməsi və s. aiddir.

C.Bayramov bildirib ki, xüsusi hüquqi rejimdə kompleksin yaradılması və işi üçün tələb olunan avadanlıqların və xammal, eləcə də ixrac olunan məhsullar üçün güzəştli vergi və rüsumların tətbiqi, bura xarici mütəxəssislərin cəlb edilməsi üçün miqrasiya qanunvericiliyinin nisbətən sadələşdirilməsi, xarici mütəxəssislərə çəkilən xərclərin əhəmiyyətli dərəcədə azaldılması üçün onlara vergi və sığorta haqları sahəsində güzəştlərin tətbiqi nəzərdə tutulur.

Qəbul edilməsi tövsiyə olunan hüquqi rejim mövcud qanunvericiliyin bəzi sahələrinə dəyişikliklərin edilməsini əhatə edir. Bir sıra vergilərdən azadolmalar nəzərdə tutulub ki, bu da layihənin dəyərinə müsbət təsir göstərəcək. Məsələn, mənbədən tutulan vergilərdən azadolma ilə bağlı təkliflər təqdim olunub. Vergi sahəsi ilə bağlı digər təklif dövlət büdcəsindən ƏDV-nin qaytarılmasının sadələşdirilmiş prosedurasının tətbiqi ilə bağlıdir.

Gömrük sahəsində kompleksin tikintisi və işi ilə bağlı malların idxal gömrük rüsumundan və ƏDV-dən azad olması təklif edilir. Həmçinin təklif olunur ki, bu azadolmalar layihə üçün artıq ölkəyə gətirilmiş avadanlıqların alqı-satqısında da tətbiq edilsin.

Qiymətqoyma məsələləri sahəsində xammalın alqı-satqı qiymətləri, tariflər və yekun məhsulların satış qiyməti ilə bağlı qiymətlərin tənzimlənməsi layihənin rentabelliyini və iqtisadi cəlbediciliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Əmək qanunvericiliyi sahəsində zəruri xarici mütəxəssislərin layihəyə cəlb edilməsi ilə bağlı asanlaşdırılmış proseduranın nəzərdə tutulması təklif edilir.

Sosial sığorta sahəsində layihəyə cəlb edilmiş xarici mütəxəssislərin Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdən müvəqqəti azad edilməsi təklif olunur ki, bu da öz növbəsində onların xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradacaq.

Bundan başqa C.Bayramov bildirib ki, layihədə iştirak edəcək xarici şirkətlərin işinin asanlaşdırılması üçün xarici podratçılar və subpodratçılara xaricdə verilən lisenziyaların Azərbaycanda da tanınmasının aydın qaydaları müəyyən edilməlidir.

Digər təkliflər isə standartlaşdırma, valyuta tənzimlənməsi və digər məsələləri əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR