Bakı. Cavid Zeynallı – APA. Azərbaycan “TEFİ-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalına ev sahibliyi edəcək. Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 24-dən 27-dək Bakıda keçiriləcək tədbirdə MDB və yaxın xaric ölkələrinin 11 aparıcı teleşirkəti iştirak edəcək.
“Birlik ölkələri teleefirində ən yeni tarix” mövzusunda keçiriləcək festivalın təşkilatçıları “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə dövlətlərarası fondları, Azərbaycan tərəfindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dir.
İndiyədək Kiyev, Astana və Odessada keçirilmiş festivalda AzTV-nin “Toğrul Nərimanbəyov”, “Əlvida və salam, Bakı!” sənədli filmləri, “1001 sual” intellektual verilişi “TEFİ” mükafatına layiq görülüb.
Builki festivalın proqramına tədbirin təntənəli açılışı və bağlanışı, ən yaxşı teleproqramların nümayişi, müasir televiziyanın aktual məsələləri üzrə dəyirmi masa, ustad dərsləri, müzakirələr, mətbuat konfransı daxildir.
Festivalın ekspert şurasında “Rossiya” telekanalının redaktoru və aparıcısı Andrey Maksimov, OAO “TV-Tsentr” telekanalının siyasi şərhçisi Leonid Mleçin, “Adamovo Yabloko” teleşirkətinin bədii rəhbəri Kiril Nabutov, “Exo Moskvı” radiostansiyasının aparıcısı Svetlana Sorokina, teletənqidçi, “Exo Moskvı” radiostansiyasının şərhçisi və aparıcısı İrina Petrovskaya, teleaparıcı Kira Proşutinskaya, “Central Partnership” sirkətinin baş prodüseri, baş direktor müavini Timur Vaynşteyn və başqaları təmsil olunacaq.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış kinorejissor Yuli Qusman və Rusiyanın tanınmış teatr və ictimai xadimi Anatoli İksanov festivalın fəxri qonaqları qismində tədbirə qatılacaqlar.