Bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalistlərin Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfrans çərçivəsində "Əmək standartları və sosial dialoq: Kollektiv sövdələşmələr sessiyası" keçirilib.
APA-nın məlumatına görə, sessiyaya Orta Asiya və Güney Qafqaz Söz Azadlıq Şəbəkəsinin rəhbəri Azər Həsrət sədrlik edib.
"Avropada jurnalistlərin həmkarlar hərəkatına baxış: əmək hüquqları və onların qorunmasındakı problemlər" mövzusunda çıxış edən Avropa Jurnalistlər Federasiyasının təmsilçisi Mehmet Köksal deyib ki, bu tədbirdə də media rəhbərləri reklam gəlirlərinin, maliyyə durumlarının əmək fəaliyyətinin leqal təşkilində çətinlik yaratmasından şikayətlənir: "Harada jurnalistlər rahat şəkildə çalışırlarsa, daha faydalı olurlar. Biz bunu dəstəkləyirik. Apardığımız araşdırmalara əsasən jurnalistlərin 80 faizi əmək haqlarının az olduğu qənaətindədir, 83 faizi bu və digər səbəblərdən jurnalistikadan getmək barədə düşünür. Ancaq xalqların sosial mediadan daha çox KİV-lərə inandığı da üzə çıxıb. Bütün bunlara görə də jurnalistlərin həmkarlar təşkilatlarının fəaliyyətinin aktivləşməsi vacibdir".
"Kollektiv müqavilələr, onların bağlanması mexanizmləri və əhəmiyyəti" mövzusunda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq müfəttişi Sevil Zeynalova bildirib ki, həmkarlar təşkilatlarının əsas məqsədi işçilərin əmək hüquqlarının qorunmasıdır: "Bir müddət əvvəl Müəllimlər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdi, çoxlu sayda müəllim işsiz qalmışdı. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Müəllimlər Universitetinin 300-ə qədər işsiz qalmış əməkdaşlarının birləşmədən sonra Pedoqoji Universitetdə işlə təmin olunmasına nail oldu. Bu baxımdan iş verənlərlə kollektiv müqavilələrin imzalanması böyük əhəmiyyət daşıyır. Kollektiv müqavilə işverənlə həmkarlar ittifaqı, yaxud işverənlə əmək kollektivinin birgə yaratdığı qurum arasında imzalanır".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquqşünası Könül Ələkbərova "Kollektiv sövdələşmə və kollektiv müqavilənin Azərbaycanda tətbiqi durumu" mövzusunda danışıb.
Dinləmələrdən sonra sessiya başa çatıb.