Bakı. Cavid Zeynallı - APA. Azərbaycanda yeni “Kulturaplus.az” internet televiziya yaradılıb.
APA-nın məlumatına görə, internet televiziya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universiteti tərəfindən təsis edilib.
Televiziyanın təqdimat mərasimində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla bildirib ki, “Kulturaplus.az” internet televiziyasının əsas məqsədi dünyanın müxtəlif dövlətlərində Azərbaycana olan münasibətin həmin ölkələrin cəmiyyətləri tərəfindən tənzim edilməsinə kömək etməkdir: “Burda eyni zamanda dünya ictimaiyyəti üçün önəmli şəxsiyyətlərin Azərbaycan haqqında fikirləri səslənəcək. Onlar Azərbaycana olan münasibətləri ilə dünyada Azərbaycan həqiqətlərinin daha effektiv yayılmasını təmin edəcəklər”.
Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov bildirib ki, televiziyanın fəaliyyəti çox təyinatlıdır: “Bu ideyanın müəllifi prezident İlham Əliyevdir. Onun dəstəyi ilə bu studiya yaradılıb. Belə studiyalara müasir dünyada böyük ehtiyac var. Bu istiqamətə yönələn televiziyanın açılması çox vacib idi”.
“Kulturaplus.az” internet televiziyasının direktoru tanınmış jurnalist Nailə İslamzadədir. İnternet televiziyada materiallar 3 - Azərbaycan, ingilis və rus dillərində hazırlanacaq.