Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Multimedia Mərkəzi, İREX və USAİD-ın təşkilatçılığı ilə “Media təhsili: onlayn tədris bazası, yeni media ixtisasları” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda Təhsil Nazirliyi ilə birgə hazırlanan “Yeni media: Ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün tədris proqramları”nın təqdimatı da keçirilib.
Tədbirdə çıxış edən Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib ki, son illər ərzində ölkədə yeni media və internet jurnalistikası sahəsində ciddi irəliləyişlər əldə olunub: “Hazırda Azərbaycanda onlayn media bazarı tam formalaşıb. Ölkədə internet TV və radiolar, onlayn xəbər resursları, yeni medianın biznes sektoru, ənənəvi medianın onlayn versiyaları yaradılıb. Bu isə yeni medianın tədris rpoqramlarının təkmilləşdirilməsini zəruri edir”.
Təhsil nazirinin müavini Qulu Novruzov isə deyib ki, Azərbaycanda yeni texnologiyaların təhsil sahəsində tətbiqi üçün atılan hər bir addım qiymətlidir. Onun sözlərinə görə, 2005-ci ildən təhsil müəssisələrinin İKT ilə təmin olunması istiqamətində ciddi uğurlar əldə olunub: “Təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı bu il başa çatacaq və gələn ildən bu sahədə dövlət siyasətini həyata keçirəcək yeni layihəyə start veriləcək”.
Q. Novruzovun fikrincə, yeni media sahəsində kadrların hazırlanması gələcəkdə Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması işinə mühüm töhfə olacaq.