APA-nın məlumatına görə, iclasda Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Moldovanın dövlət informasiya agentliklərinin rəhbərləri, həmçinin MDB icra Komitəsinin nümayəndələri iştirak edirlər.
İclası açıq elan edən AzərTAc Dövlət Teleqraf Agentliyinin direktoru Aslan Aslanov bildirib ki, Şura təcrübə mübadiləsi aparmaqla Avropa və Asiya qitələrinin bir hissəsini əhatə edən vahid informasiya məkanının yaradılması kimi mühüm vəzifəni yerinə yetirir: “Gündəlikdə duran mühüm məsələlərdən biri 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə hazırlıqdır. Bu mövzu bizim ümumi keçmişimizlə bağlıdır və biz bu hadisənin, eləcə də bütün keçmiş sovet respublikalarının bu Qələbəyə verdiyi töhfəni necə effektiv işıqlandıra biləcəyimizi nəzərdən keçirməliyik”.
İTAR-TASS agentliyinin kollegiyasının sədri Vitali İqnatenko öz növbəsində bəyan edib ki, bu iclad azad informasiya məkanına malik ölkədə keçirilir: “Bizim informasiya işimizdə Azərbaycan ön sıralara çıxır. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz burada kütləvi informasiya vasitələrində senzuranın tətbiq olunmadığı, hər bir vətəndaşın müxtəlif informasiya mənbələrinə sərbəst çıxışının olduğu bir ölkənin ölkənin necə inkişaf etdiyini görə bilərik”.
Səsvermə nəticəsində İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sədri seçilib.
Şuranın gündəliyinə qurumun fəaliyyətinə dair hesabat, Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə hazırlıq məsələləri, Belarusun MDB-yə sədrliyi dövründə dövlət informasiya agentliklərinin əməkdaşlığı daxil edilib. Şura növbəti iclasın vaxt və yerini də müəyyənləşəcək.
Xatırladaq ki, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının yaradılması barədə saziş 1995-ci ildə Moskvada imzalanıb.