Bakı. Anaxanım Hidayətova-APA. BMT-nin Bakı ofisində jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirilib. APA-nın məlumatına görə, tədbiri BMT Qaçqınlar üzrə Ali komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson açıb. Tədbir çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması mövzusunda təqdimat keçirilib. BMT-nin Əhali Fondunun Proqram Müşaviri “Gender əsaslı zorakılıqla mübarizədə medianin rolu” mövzusunda təqdimat keçirərək, media nümayəndələrin gender bərabərliyi mövzusunu mediada daha geniş işıqlandırmağa çağırıb. Tədbirdə Azərbaycanda mövcud olan erkən evlilik, selektiv abort, və digər gender problemləri müzakirə olunub.
Tədbirdə çıxış edən BMT mütəxəssisləri birmənalı qeyd ediblər ki, müasir cəmiyyətin inkişafı üçün qadınların hüquqları danılmazdır.
BMT-nin Bakı Ofisinin ictimai informasiya departamentinin nümayəndəsi Envera Selimoviç jurnalistlər üçün məlumatlandırıcı sessiyalarının vacibliyini vurğulayaraq qeyd edib ki, BMT-nin Bakıdakı ofisi Azərbaycanın inkişafı üçün vacib məsələlər ətrafında hər zaman əməkdaşlıq etməyə hazırdır.
Tədbir çərçivəsində həmdə BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev “Qaçqın və məcburi köçkünlərlə bağlı müxtəlif situasiyalarda BMT QAK- ın fəalliyəti” mövzusunda təqdimat keçirib.