Bakı. Fərahim Qasımov-APA. Bu gün Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin bir qrup tələbəsi “APA Holding”də olub.
APA-nın məlumatına görə, tələbələr redaksiyaları gəzib iş prosesi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Qonaqlar eyni zamanda holdinqin əməkdaşları ilə yaxından tanış olub, onlarla iş prosesi ətrafında maraqlı müzakirələr aparıblar. APA, “Lent.az”, “Vesti.az”, “Apasport”, “APA-Economics” və “Tərcümə mərkəzi”nin əməkdaşları öz təcrübələrini tələbələrlə bölüşüb, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.
Daha sonra qonaqlar APA TV-nin studiyalarını gəziblər. Onlayn televiziya barədə tələbələrə APA TV-nin xəbər spikeri Nəsimi Nəbizadə məlumat verib.
Görüşün sonunda holdinq əməkdaşları ilə xatirə şəkili çəkdirən tələbələrə bildirilib ki, BSU ilə “APA Holding”in əməkdaşlığı bundan sonra da davam edəcək.