Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, bu Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada, habelə ona məxsus elektron informasiya ehtiyatlarında mövcud olan informasiyaların hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edilməsinin təmin olunması üçün Komissiyanın daxili icraat qaydalarını tənzimləyir. İndiyə qədər informasiyanın əldə edilməsinə o şərtlə icazə verilib ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Bu gündən qüvvəyə minən dəyişikliyə əsasən, bu sahədə şərtlərin sayı artırılıb. İnformasiyanın əldə edilməsinə həm də o şərtlə icazə veriləcək ki, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Qeyd edək ki, Komissiya öz informasiya ehtiyatlarından hər bir şəxsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təmin edir. Komissiya informasiya əldə etmək hüququnun təmin edilməsi məqsədi ilə informasiya məsələləri üzrə məsul şəxs təyin edir. Komissiya informasiya azadlığı üzrə məsul şəxs vasitəsilə Komissiya tərəfindən informasiya xidmətinin göstərilməsinə nəzarət edir.