Bakı – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib.
Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri çıxışında rəhbərlik etdiyi qurumun ötən on ay müddətindəki fəaliyyət istiqamətlərindən danışıb və şikayətlərin araşdırılması prosesində maraqlı tərəflərin mənafelərinin ödənilməsi məsələlərinə diqqət yetirib.
Azərbaycandakı özünütənzimləmə metodlarından ətraflı bəhs edən Ə.Amaşov MŞ-nin bir model kimi effektivliyini təsdiqləyən məsələlərdən danışıb. Bildirib ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilən bu modelin ümumən media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin nizamlanmasında daha mütəhərrik struktura çevrilməsi zəruridir: “Çünki hazırda informasiya daşıyıcıları olan qurumların - internet xəbər portallarının, sosial media vasitələrinin saylarının artım dinamikası müşahidə edilir”.
Qeyd edək ki, noyabrın 16-dan 18-dək davam edəcək konfransda MDB-nin və Avropanın bir sıra ölkələrindən olan media qurumlarının rəhbərləri iştirak edirlər. Başlıca müzakirə mövzuları içərisində postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-in özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə edilir.
Toplantının növbəti günlər üçün nəzərdə tutulmuş iş planına medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında fikir mübadiləsinin aparılması da daxildir.