Əli Həsənov: “Mediamız beynəlxalq aləmdə tanınmalı, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır”

Əli Həsənov: “Mediamız beynəlxalq aləmdə tanınmalı, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır”
# 22 iyul 2014 18:07 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. “Ötən əsrin 90-cı illərindən başlayaraq müstəqillik uğrunda xalq hərəkatı və milli mübarizə, dövlət müstəqilliyinin əldə edilməsi və milli dövlət quruculuğu proseslərinin gedişində Azərbaycan milli mətbuatının inkişafının yeni mərhələsi başlayıb və bu gün də bu proses davam etməkdədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatın 139-cu ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.

Azərbaycan mətbuatının yaranma tarixi, “Əkinçi”nin nəşri, keçdiyi inkişaf yolu, sovet dövrü Azərbaycan mətbuatı haqqında danışan şöbə müdiri 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən etdiyini vurğulayıb: “Məhz Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ 1995-ci ildə qəbul edilmiş Konstitusiyada əksini tapıb. Sonrakı illərdə bu prinsip hüquqi norma kimi dövlət həyatının bütün sahələrində təsbit edilib, siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran bütün senzura və dövlət tənzimləmə mexanizmləri ləğv edilib, KİV-in inkişafı sahəsində bütün süni maneələr aradan qaldırılıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Buna paralel olaraq Heydər Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən həyata keçirilmiş çoxsaylı tədbirlər mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsində, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsində əvəzsiz rol oynayıb”.

Ə. Həsənov bildirib ki, Heydər Əliyev prezidentlik fəaliyyətində daim jurnalistlərlə yaxın təmasda olub, onların sosial, maddi və mənəvi problemləri ilə maraqlanıb, köməyini əsirgəməyib: “Hesab edirəm ki, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi ümummilli liderin Azərbaycan mediası və cəmiyyəti qarşısında mühüm xidmətlərindən biridir. 2002-ci ilin martında Heydər Əliyevin Azərbaycan “Jurnalistlərinin dostu” seçilməsi ümummilli liderin söz və məlumat azadlığına, kütləvin informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub”.

Bu gün Azərbaycanın dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrildiyini qeyd edən Ə. Həsənovun bildirib ki, mövcud reallıqlar KİV-in, o cümlədən milli mətbuatın qarşısında da bir çox yeni vəzifələr qoyur: “Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır. Eyni zamanda öz tarixi dəyərlərini, jurnalistikada “Əkinçi” ənənələrini yaşadaraq peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR