Bakı. Könül Cəfərli - APA. “İran kəşfiyyatı son vaxtlar 600 jurnalisti zərərsizləşdirib”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İran informasiya, təhlükəsizlik və kəşfiyyat naziri Heydər Moslehi bildirib.
ETTELAAT rəhbəri deyib ki, həmin jurnalistlərin 150-si ölkə daxilində, qalanları isə xarici ölkələrdə fəaliyyət göstərir: “Onlar xarici ölkələrdə müxtəlif televiziya kanalları yaratmaqla İrana qarşı təbliğat aparıblar. Hazırda həmin jurnalistlərin bəziləri həbs edilib, bəziləri istintaqa çağırılıb”.
H.Moslehi vurğulayıb ki, onlar bu yolla 2013-cü il iyunun 14-də keçiriləcək prezident seçkiləri qabağı İran hakimiyyətinə zərbə vurmağa səy göstəriblər: “Lakin ETTELAAT seçkiqabağı bu cür təxribatları nəzərə alaraq ehtiyatlı davranır, ciddi tədbirlər görür və baş verə biləcək hər hansı bir fitnə-fəsadın qarşısını indidən almağa çalışır”.