APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov deyib.
O bildirib ki, bu il keçiriləcək “Media düşərgə” layihəsində Azərbaycanın gənc jurnalistləri bir neçə gün ərzində faydalı informasiya əldə edəcək: “Gələcəkdə onlar burada əldə etdikləri faydalı bacarıqları gənclər, eləcə də QHT-lər haqda məlumatlar hazırlayarkən istifadə edə biləcəklər. Aparılan seçimin yekununda düşərgəyə 50-yə yaxın gənc jurnalist cəlb olunacaq. Bu düşərgə ölkənin səfalı məkanlarının birində və ya Bakıda seminarlar, həmçinin asudə vaxtın təşkili şəklində keçiriləcək”.
Seçimin meyarlarını da açıqlayan aparatın rəhbəri deyib ki, layihəyə gənclərlə bağlı materiallar hazırlayan jurnalistlər cəlb olunacaq. O əlavə edib ki, fondun təşəbbüsü ilə bu il 1-ci Ümumrespublika Zəka Oyunları Festivalı da keçiriləcək: “Festivala 14-29 yaş arası 30 minədək gənc cəlb olunacaq. Festivalın finalı Bakıda keçiriləcək”.