Bakı. Fərid Mirzəyev – APA. Bu gün İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi Mətbuat Şurasında (MŞ) olub. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycan və İran media nümayəndələrinin təmasları inkişaf etdirilməlidir.
Ə. Amaşov qeyd edib ki, qarşılıqlı jurnalist səfərlərinin təşkili, birgə fikir mübadilələrinin aparılması ölkələr arasındakı yaxınlaşmaya, ümumən tarixi bağlılığın dərinləşməsinə mühüm töhfə olar.
M. Nəcəfi bildirib ki, indiyədək İranda Azərbaycan jurnalistlərinin 10 heyəti səfərdə olub. Mətbuat katibi onu da deyib ki, münasibətlərin KİV rəhbərləri səviyyəsində qurulması faydalı ola bilər.
Görüşdə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun formalaşdırılmasının, jurnalistika sahəsində fəaliyyət göstərən müəllimlərin, təhsil alan tələbələrin təcrübə mübadiləsi üçün şərait yaradılmasının, birgə konfransların və digər tədbirlərin təşkilinin vacibliyi önə çəkilib. Həmçinin yeni qarşılıqlı əməkdaşlıqda ilk addım kimi İran və Azərbaycan jurnalistlərinin hər iki ölkənin sərhədyanı bölgələrində görüşlərinin keçirilməsi məqsədə müvafiq sayılıb.