İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması mövzusunda tədbir keçirilib

İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması mövzusunda tədbir keçirilib
# 25 may 2017 10:22 (UTC +04:00)

Bu gün İƏT Ölkələri Jurnalistlər Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması" mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, "İrşad" Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev deyib ki, IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrində geniş işıqlandırıb.

İslam aləmində birliyin çətin olduğunu, bir sıra ölkələrdə münaqişələrin yaşandığını söyləyən R. Əliyev Azərbaycanın bu oyunların keçirilməsi ilə İslam həmrəyliyinə böyük töhfə verdiyini vurğulayıb. Eyni zamanda Azərbaycanın beynəlxalq tədbirləri, böyük idman yarışlarını uğurla təşkil etdiyini vurğulayıb: "IV İslam Həmrəyliyi Oyunları həm də sübut etdi ki, İslam həmrəyliyi heç kəsə qarşı yönəlməyib, İslam dünyasının inkişafı və tərəqqisi üçündür".

İƏT Ölkələri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, bəzi Qərb dairələrinin islamafobiya siyasəti həyata keçirdiyi dövrdə Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi İli elan etməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi siyasi iradənin təzahürüdür. F. Abbasov IV İslam Həmrəyliyi Oyunlarının 54 islam ölkəsinin mediasında geniş işıqlandırıldığını nəzərə çatdırıb.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin məsul işçisi Bəhruz Həsənov qeyd edib ki, mayın 12-dən 22-nə qədər Azərbaycanda böyük idman yarışı, böyük ictimai-siyasi əhəmiyyətli tədbir keçirilib: "Biz bir daha dünyaya sübut etdik ki, Azərbaycan uğurla böyük idman tədbirləri təşkil edir. Eyni zamanda İslam ölkələrinin gəncləri münaqişə zonalarında deyil, idman meydanlarında qarşı-qarşıya gəlməlidir. İslam dünyasının qarşılıqlı inteqrasiyaya ehtiyac var. Məhz bu sahələrdə çatışmazlıqlar nəticəsində biz bu gün İslam aləmində qarşıdurmaları, qanlı münaqişələri müşahidə edirik. Azərbaycan İslam dünyasının həmrəyliyinə nail olunması istiqamətində üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir. Açılış və bağlanış mərasimində Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdik. Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin ayrılmaz hissəsidir. Biz milli-mənəvi dəyərlərimiz üzərində müasir dövlət qururuq. Biz dövlətimizin müasir dünyaya inteqrasiyasında, eyni zamanda islam ölkələri ilə əlaqələrinin inkişafında maraqlıyıq".

Prezident Administrasiyasının məsul işçisi bildirib ki, bu Oyunlar İslam ölkələrində geniş işıqlandırılıb, həmrəyliyik nümayiş etdirilib: "Bu, İƏT Ölkələri Jurnalistlər Assosiasiyasının yaradılması ideyasının özünü doğrultduğun göstərdi. Biz bundan sonra da İslam dünyasının mediasında həmrəyliyə nail olmaqla, problemlərin həllinə nail olmalıyıq. Oyunlara növbəti dəfə qəbul edəcək Türkiyəyə də uğurlar arzulayırıq. Bu Oyunlara gələn insanlar həm də Azərbaycan xalqının mədəniyyəti ilə tanış oldu, qonaqpərvərliyinin şahidi oldu. İnanıram ki, bu oyunlar İslam dünyasında həmrəyliyi gücləndirəcək”.

"İrşad" Dini Araşdırmalar Mərkəzinin direktoru R. Əliyev qeyd edib ki, 2016-cı ilin oktyabrında yazıçı-publisist Sona Vəliyeva və Fazil Abbasovun rəhbərliyi ilə İƏT Ölkələri Jurnalistlər Assosiasiyasının yaradılması ilə bağlı niyyət konfransı keçirilib: "Ötən dövr ərzində görülən işlər təsdiqləyir ki, bu Assosiasiya özünü doğruldub və İslam həmrəyliyi yönündə atılmış bir addım olduğunu təsdiqləyib".

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx IV İslam Həmrəyliyi Oyunlarının 100 milyonlarla insan tərəfindən izləndiyini bildirib: "Mərakeş mətbuatında, telekanallarında IV İslam Həmrəyliyi Oyunları geniş işıqlandırılıb. Bu oyunlar Azərbaycanın yeni infrastrukturunu görmək üçün böyük fürsət idi. Azərbaycan həm də bu oyunlarda turizm infrastrukturunu təqdim etdi. Azərbaycanda gözəl hotellər, aeroportlar, gözəl turizm güşələri var. Bu turizm imkanları Azərbaycana gələcəkdə turizm sahəsində inkişaf etməyə imkan verəcək.

İdmançılar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının şahidi oldular. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərdi. Mən oyunların yüksək səviyyədə təşkil olunması ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm".

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR