APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İTV-nin yeni baş direktoru Cəmil Quliyev deyib. Onun sözlərinə görə, sadalanan ideyalar əsasında iş aparılacaq: “Biz çalışacağıq ki, İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyətə, incəsənətə geniş yer verilsin. Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə teatr, kino deyil, ümumiyyətlə, bu məfhum cəmiyyəti idarə etməlidir”.
C. Quliyev İTV-də kadr islahatları olub-olmayacağına da münasibət bildirib. O qeyd edib ki, bunu zaman göstərəcək: “Peşəkarlıq məsələsi əsas götürüləcək. Çünki televiziya elə bir məfhumdur ki, burada peşəkarlar çalışmalıdırlar. Onlar sağlam düşüncəli və mədəni insanlar olmalıdır”.
O qeyd edib ki, “Mədəniyyət kanalı” öz fəaliyyətini davam etdirəcək: “Yəqin ki, ora yeni rəhbər seçiləcək. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında isə icraçı katibəm. Bu fəaliyyəti davam etdirəcəyəm”.