Bakı-APA. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və «Dialoq Avrasiya Platformu»nun Azərbaycan nümayəndəliyinin birgə təşəbbüsü ilə jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, hələ keçmiş SSRİ mövcudiyyətini saxladığı dövrdə Azərbaycanda müstəqil mətbuat ənənələrinin əsası qoyulmuşdu və bu proses tarixi zərurətdən irəli gəlmişdi. Lakin hər bir zərurətin həyata vəsiqə almasını təmin edən şəxsiyyətlər var: «Bu gün 60 yaşının işığına toplaşdığımız Məzahir Süleymanzadə də onlardan biridir Məzahir müəllim o zamankı «Kommunist» qəzetində çalışarkən 1989-cu ildə nəşrin «Səhər» adlı əlavəsini buraxdı. Tədricən onu müstəqil mətbu orqana çevirdi. «Səhər» Azərbaycanın informasiya blokadasına düşdüyü şəraitdə dünyaya həqiqətlərimizi çatdıran tribunaya çevrildi”.
Ə. Amaşov deyib ki, Mətbuat Şurası və «Dialoq Avrasiya Platformu» Məzahir Süleymanzadəni «Həqiqətə xidmətlərinə görə» mükafatı ilə təltif etmək qərarına gəlib. Şura sədri mükafatı yubilyara təqdim edib.
«Dialoq Avrasiya Platformu»nun Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Saatçı xalqın və millətin üzləşdiyi faciəvi durumlarla bağlı həqiqətləri açıqlamağın və yaymağın ağırlığından söz açaraq M.Süleymanzadənin bu mənada böyük xidmətlər göstərdiyini vurğulayıb.
AFFA-nın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və Azərbaycan Jurnalistlər Birliyinin məsul katibi Şahin Babayev yubilyara təbriklərini çatdıraraq ona təmsil olunduqları qurumların fəxri diplom və mükafatlarını təqdim ediblər.
Tədbirdə M.Süleymanzadənin hazırda çalışdığı Bakı Futbol Federasiyası rəhbərliyinin təbrik məktubu da oxunub.
Tədbirdə «Neftçi» futbol klubunun vitse-prezidenti Tahir Süleymanov, Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay, jurnalist Hidayət Elvüsal, «Addım» qəzetinin baş redaktoru Anar Vəziroğlu, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas başqaları da çıxış ediblər.