Bakı. Cavid Zeynallı – APA. Kütləvi informasiya vasitələri arasında peyntbol turniri keçiriləcək. Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi, APA İnformasiya Agentliyinin və Azvision.az saytının, Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə noyabrın 23-də baş tutacaq.
Turnirin keçirilməsində məqsəd “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” prezident İlham Əliyev tərəfindən imzalanmış 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının bəndlərinin icrasını və Azərbaycan Respublikası nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarını təmin etməkdən ibarətdir.
Təsdiq edilmiş rəsmi əsasnaməyə görə turnir qeydiyyatdan keçmiş bütün KİV nümayəndələri arasında keçirilir.
Qaydaya görə iştirak edəcək komandaların hər biri 6 (altı) nəfərdən ibarət olmalıdır. Komandalar hər birində KİV nümayəndələri olmaqla qarışıq (bir neçə KİV-i təmsil etməklə) qaydada təşkil edilə bilər. Müxtəlif KİV–ləri təmsil edən şəxslər vahid ad altında komanda yaratmaqla da turnirə qoşulmaq üçün müraciət edə bilərlər.
İştirakçı komandalar onları təşkil edən müvafiq orqanının rəhbər və məsul şəxsləri tərəfindən və ya komandaların kapitanları tərəfindən adlandırılmalıdır.
Komandaların kapitanı komanda üzvləri yaxud komandanı təşkil edən təşkilatın rəhbərliyi tərəfindən müəyyən edilməlidir.
Qalib komandalara diplomlar, medallar təqdim ediləcək.