APA-nın xəbərinə görə, bəzi KİV-də qeyd olunub ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparılan O. Rüstəmzadə izahatı alındıqdan sonra buraxılıb.
O. Rüstəmzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığındakı binada çəkiliş apardığı üçün polis tərəfindən saxlandığını bildirib: “Mənə dedilər ki, orada çəkiliş aparmaq olmaz. İzahatımı alıb, sərbəst buraxdılar”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov baş verən hadisəyə münasibətini bildirib. Şura sədri APA-ya açıqlamasında deyib ki, bu barədə məlumat aldıqdan dərhal sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlovla əlaqə saxlayıb: “Sadiq Gözəlov dedi ki, bu gün saat 11.33-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə bir nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin yanındakı binanın damında olması və oradan çəkiliş aparması barədə məlumat daxil olub. Həmin şəxsin hərəkətləri sakinlərdə narahatlıq yaradıb və bununla bağlı "102" xidmətinə müraciət olunub.
Bundan sonra həmin şəxs 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsiyyəti müəyyən olunmaq üçün saxlanılıb. Məlum olub ki, onun üzərində şəxsiyyətini təsdiqləyən hər hansı sənəd olmayıb”.
Ə. Amaşov qeyd edib ki, polisdə aparılan araşdırma zamanı saxlanılan şəxsin 1993-cü il təvəllüdlü Orxan Rüstəmzadə adlı vətəndaş olduğu məlum olub: “Şəxsiyyəti müəyyənləşdikdən sonra o və onun yanındakı daha iki nəfər azadlığa buraxılıb”.