Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 17 sentyabr 2014 15:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. Şuradan APA-ya verilən məlumata görə, komissiya 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.

Öncə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin dekanı Həsənbala Sadıqovun “M-Media.az” saytı ilə bağlı müraciətinə baxılıb. Şikayətçinin və cavabdeh tərəfin nümayəndəsi, narazılıq doğuran yazının müəllifi Mehriban Əzizqızının məsələ barədə mövqeləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin fikir və mülahizələri səslənib. Komissiya rəyə gəlib ki, həmin materiallarda sivil jurnalistikanın tələblərinə tam etinasız yanaşılıb. Yazıda H. Sadıqovun şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılayıcı ifadələrlə təhqirlərə məruz qalıb. Komissiya üzvləri məqalədə qəzəbin, qərəzin, məqsədyönlü təqdimatın özünü qabarıq büruzə verdiyi rəyinə gəliblər. Bütün bunların yolverilməzliyi M. Əzizqızının nəzərinə çatdrılsa da o, iradlarla razılaşmayıb, məsələnin hüquqi müstəvidə də araşdırılmasına hazır olduğunu deyib. Sayta Mətbuat Şurasının ciddi xəbərdarlığı elan edilib. Şikayətçiyə isə tövsiyə olunub ki, məsələ hüquqi müstəvidə də araşdırıla bilər.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Yük Daşımalarının Təşkili” MMC-nin “Rakurs” qəzetindən şikayətinin müzakirəsi bu kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb.

Beyləqan Rayon Təhsil Şöbəsinin “yeniaxtaris.az” saytı ilə bağlı müraciəti əsasında çıxarılan rəydə cavabdeh tərəfə mətbu yazılarda etik prinsiplərin tələblərinin gözlənilməsi tövsiyə olunub. Saytın nəzərinə çatdırılıb ki, şöbə rəhbərliyi barədə yayımlanmış bəzi materiallarda təhqir elementləri, reallığa söykənməyən məqamlar yer alıb. Sayt gələcək fəaliyyətində bu kimi halların təkrarına yol verməməlidir.

İclasda həmçinin bildirilib ki, bəzi KİV-lərdə nüfuzlu insanların adları heç bir əsas olmadan kriminal xarakterli yazılarda qabardılır. Birinci qrup Qarabağ əlili, məcburi köçkün Lazım Məhəmməd oğlu Əliyevin də MŞ-yə müraciətində mediada bu tipli materialların təqdimatına etiraz ifadəsini tapıb. Gələcəkdə belə xarakterli mətbu çıxışların təkrar olunmaması üçün MŞ KİV-lərə öz tövsiyəsini verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR