APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu gün Azərbaycan mediasında inkişaf prosesi gedir: «Dünyanın müxtəlif ölkələrinin mediası ilə rəqabət apara bilən Azərbaycan mediası artıq formalaşıb. Bölgənin ən qabaqcıl media nümunələri məhz Azərbaycanda formalaşır. Azərbaycanda media inkişaf edir və dünyaya ciddi media nümunələri sərgiləyir».
Ə. Həsənov mətbuat günü münasibəti ilə 156 jurnalistin mənzillə təmin olunmasının jurnalistikada keyfiyyət göstəricilərinin yaxşılaşacağına təsir edəcəyini bildirib.
Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra Ali Media Mükafatının təqdimatı olub.
V. Səfərli bildirib ki, 22 iyul Milli Mətbuatın yaranmasının 138-ci ildönümü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə qatılmaq üçün 92 nəfər jurnalist Fonda yazı təqdim edib. Təqdim edilmiş yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 nəfər jurnalistin müsabiqənin qalibi, 15 nəfər jurnalistin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib. Müsabiqə şərtlərinə əsasən, yüksək bal toplayaraq qalib olan 45 nəfər jurnalistə 1000 manat, həvəsləndirici yer tutan 15 nəfər jurnalistə isə 300 manat mükafat verilməsi barədə qərar qəbul olunub.