Bakı. Kəmalə Quliyeva-APA. “Serialların çəkilişi üçün vəsait ayrılması məsələsində tələsmirik. Bu barədə çox ciddi şəkildə düşünüləcək. Birinci mərhələdə bəzi məsələlər vardı ki, onların həlli üçün bu mərhələni keçməli idik”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli verib.
MTRŞ sədri qeyd edib ki, ilkin mərhələdə ayrı-ayrı prodakşnlarda maddi-texniki bazanın formalaşması, aktyorların əmək haqqı, ssenarilərin yazılması kimi məsələlər olub: “Artıq bu məsələlər arxada qalıb. Azərbaycanda həddindən artıq çox prodakşnlar var və bəzən onların çoxluğuna təəccüblənirəm. Özüm araşdırma apardım. Bizə film çəkmək üçün müraciət edən prodakşnların sayı 35-dən çoxdur”.
N. Məhərrəmli bildirib ki, Azərbaycanda prodakşnların sayə çox olsa da, istehsal olunan filmlərin sayı azdır: “Hətta peşəkar olmayanlar da bu işə həvəs göstərirlər”.