Azərbaycanda icbari sığorta xidmətlərinin göstərilməsi üçün 9 şirkət icazə alıb

Azərbaycanda icbari sığorta xidmətlərinin göstərilməsi üçün 9 şirkət icazə alıb
# 22 fevral 2012 13:02 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev – APA-Economics. «İcbari sığortalar haqqında» yeni qanun qüvvəyə mindikdən indiyədək Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 9 sığorta şirkətinə icbari sığorta növləri üzrə fəaliyyət aparılması üçün icazə verilib.
Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, icbari sığorta növləri üzrə fəaliyyət aparılmasına icazə verilən şirkətlər sırasına «AXA-Mbask», «Alfa Sığorta», «AtaSığorta», «Atəşgah Sığorta», «AzSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «Standard Insurance» və «Azərsığorta» şirkətləri daxildir.
Bu şirkətlərin hər birinə «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» ilə bağlı fəaliyyət üçün icazə verilib. Bundan başqa, «Azərsığorta» şirkəti istisna olmaqla, qalan sığorta təşkilatları həm də «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üçün icazə alıb.

Qeyd edək ki, sığorta şirkətləri hər bir növ üzrə icazənin alınması üçün İcbari Sığorta Bürosuna birdəfəlik rüsum kimi təminat depoziti ödəməlidir. Bu məbləğ «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» üçün ayrı-ayrılıqda 100 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və «Sərnişinlərin icbari sığortası» üçün isə 200 min manat təşkil edir.

Göründüyü kimi, indiyədək bu icazələrin alınması üçün sığorta təşkilatları tərəfindən Büroya ümumilikdə 3,4 mln. manat ödənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR