Bakı. Ülkər Qasımova – APA. “İTV yayımçı şirkətdir və onun serialların və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur”. APA-nın məlumatına görə, bunu APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov deyib. O bildirib ki, İTV cəmiyyət və auditoriya qarşısında öz öhdəliklərini bilir və daim yerinə yetirməyə çalışır: “Biz bu günə kimi 3 teleserial çəkmişik, bunlardan ikisi artıq yayımlanıb, üçüncüsünü yayımlamağa hazırlaşırıq. 29 bədii televiziya filmi, 200-dən çox sənədli film istehsal olunub. Cizgi filmlərinin çəkilməsinə gəlincə isə bu sahə digərlərindən xüsusi ilə fərqlənir. Əgər cizgi filmləri bu işə məsul qurumlar tərəfindən çəkilsə, biz yayımçı şirkət olaraq bunları azyaşlı auditoriya üçün təqdim edərik”.
T.Məmmədov surdo tərcüməçinin bərpa edilməsi məsələsinin şirkətin Direktorlar Şurasında müzakirə olunduğunu da əlavə edib: “Lakin bu sahədə peşəkar mütəxəssis azlığından bu, yerinə yetirilməmiş qaldı. Eşitmə qabiliyyəti zəif olan şəxslər üçün isə “Carçı” informasiya proqramında xəbərlər daimi olaraq alt yazı ilə verilir”.
Qeyd edək ki, bu günlərdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxışlarının birində dövlət büdcəsindən maliyyələşən kanalların mövcud öhdəliklərini yerinə yetirə bilmədiklərini bildirib. MTRŞ sədri çıxışında dövlət büdcəsindən maliyyələşən AzTV və İTV-nin ictimaiyyət qarşısında məsuliyyətini dərk etmədiyini və mövcud öhdəliklərini yerinə yetirə bilmədiyini vurğulayıb.