APA-nın xəbərinə görə, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.
Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, millət vəkillərinin, teleradio yayımçılarının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib ki, monitorinqlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçiləri tərəfindən aparılıb. Monitorinqlərin ANS, ATV, İTV, “Xəzər”, “Space”, “Lider” kanallarında yayımlanan informasiya verilişlərinin, musiqili-əyləncəli proqramlarını şou və tok-şouların dili üzərində aparıldığını deyən N.Məhərrəmlinin sözlərinə görə, müşahidələr əsasən 4 sahəni - fonetik, leksik, qrammatik və üslub normalarını əhatə edib: “Müasir Azərbaycan dilçiliyində televiziya materiallarının dili əsasında nitq mədəniyyəti və ədəbi dil normalarının öyrənilməsinə xüsusi tələbat var. Təəssüflər qeyd etmək lazımdır ki, teleradio məkanında aparıcıların tələffüzündə çoxlu nöqsanlara yol verilir. Verilişlərin bəzilərində aparıcıların mətnlə əvvəlcədən tanış olmadıqlarını müəyyənləşdirmək o qədər də çətin olmur. Mədəni nitqə verilən müxtəlif tələblər var və telekanala aparıcıları da öz nitqlərini bu tələblərə cavab verə biləcək şəkildə qurmalıdırlar. Azərbaycan televiziya kanallarında nümayiş olunan verilişlərdə aparıcıların nitqini müşahidə etdikdən sonra belə bir nəticəyə gəldik ki, onların nitqində ədəbi dil normalarına hər zaman riayət olunmur”.
MTRŞ sədri qeyd edib ki, ümumilikdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların ortaya çıxarılmasına gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək.