Tiflisdə “Saxta xəbərlər, dezinformasiya və təbliğat” mövzusunda beynəlxalq konfrans keçirilir

Tiflisdə “Saxta xəbərlər, dezinformasiya və təbliğat” mövzusunda beynəlxalq konfrans keçirilir
# 10 may 2017 13:59 (UTC +04:00)

Tiflisdə kütləvi informasiya vasitələrinin “Saxta xəbərlər, dezinformasiya və təbliğat” mövzusunda 14-cü Cənubi Qafqaz beynəlxalq konfransı başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri ATƏT-in Media Azadlığı üzrə nümayəndəliyi təşkil edib.

Konfransda Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və digər şəxslər təmsil edirlər.

Konfransda Cənubi Qafqaz və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, dezinformasiyaların yaratdığı təhlükələr, təbliğatın düzgün təşkili, yeni texnologiyalardan istifadə, jurnalistlərin təhlükəsizliyi, qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. vacib məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən H.Hacıyev müasir şəraitdə mediada istifadə olunan bəzi terminologiyalara yenidən baxılmasını təklif edib: “Bəzi dairələrdə dezinformasiya, təbliğat, digər qurumlarda strateji kommunikasiyalar kimi terminologiyalardan istifadə olunur. Bəzən bu məsələlərə münasibətdə mövqelər eyni olmur. Media azadlığından da siyasi məqsədlərlə istifadə olunması halları var. Bu da çox ciddi problemlər yaradır”.

XİN-in sözçüsü H.Hacıyev jurnalistlərə bu mövzunun Azərbaycan üçün də kifayət qədər aktual olduğunu bildirib: “Azərbaycana qarşı bəzi KİV, xüsusən də Qərb ölkələrinin erməni lobbisi ilə əlaqəli olan media orqanları tərəfindən məqsədyönlü şəkildə əks təbliğat və dezinformasiya xarakterli fəaliyyət həyata keçirilir. Ölkəmizdə mötəbər tədbirlərin keçirildiyi vaxtlarda bu daha kəskin xarakter alır. Ona görə də tədbirdə bu məsələlərlə bağlı Azərbaycanın düzgün və real mövqeyi barədə fikirlər səsləndirilir”.

H.Hacıyev ATƏT-in Media Azadlığı üzə nümayəndəliyinin fəaliyyətində yeni islahatlara ehtiyac olduğunu qeyd edib.

Onun sözlərinə görə, qurum bəzən öz fəaliyyətindən kənara çıxır və media azadlığı məsələsi bəzi dövlətlərə qarşı siyasi alət, təzyiq vasitəsinə çevrilir: ”Bu məsələ də tədbirdə geniş şəkildə müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycanda media vasitələrinə dövlət dəstəyinin təmin olunması, beynəlxalq KİV-lə əməkdaşlıq və digər məsələlər haqqında konfrans iştirakçılarına məlumat veriblər”.

Tədbir sabah davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR