Ankara. Etibar Məmmədov - APA. Türkiyə Radio-Televiziya Qurumunda (TRT) təcrübə keçən Azərbaycanın bir qrup KİV əməkdaşı TRT binasında Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, toplantıda çıxış edən TBMM üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar jurnalist qrupunu Türkiyədə görməkdən məmnun olduğunu bildirib. O, Türkiyə-Azərbaycan əlaqələrinin keçmişi və bugünkü vəziyyətindən danışaraq bu əlaqələrin möhkəmlənməsində media nümayəndələrinin rolunun böyük olduğunu söyləyib: “İki ölkə arasında iqtisadi-siyasi əlaqələr çox sürətlə inkişaf edir. Bu istiqamətdə inkişafın gələcəkdə də davam etməsində və daha da güclənməsində media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür”.
Millət vəkili Şuay Alpay isə çıxışında Azərbaycan və Türkiyənin bir millətin parçaları olduğunu deyib. Türkiyənin bütün gücü ilə Azərbaycanın yanında olduğunu vurğulayan millət vəkili, gələcəkdə Dağlıq Qarabağın düşmən tapdağından azad olunacağına əminliyini ifadə edib.
Qeyd edək ki, noyabrın 25-də Azərbaycandan bir qrup KİV nümayəndəsi TRT-də təcrübə keçmək üçün Türkiyəyə yola düşüb. Təcrübə müddəti dekabrın 7-də bitəcək.