Bank Of Baku

Uşaq teleefirinin monitorinqinin nəticələri açıqlanıb

Uşaq teleefirinin monitorinqinin nəticələri açıqlanıb
# 25 noyabr 2014 14:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələrini açıqlayıb.

 

Onun sözlərinə görə, ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi 2011-ci ildən indiyədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişikliklərin olmadığını üzə çıxarıb: “Telekanallarda uşaq verilişlərinə ayrılan vaxtın müqayisəsi göstərib ki, uşaqlar üçün gündəlik axşam verilişlərinin translyasiya ənənəsini 2011-ci ildən indiyədək yalnız İctimai televiziya həyata keçirir. Tədqiqat müəyyən edib ki, bir çox telekanallarda uşaq verilişləri həftə ərzində efirdə qeyri-bərabər paylanılır və əsasən günün birinci yarısında göstərilir”.
 

Millət vəkili Kamilə Əliyeva Azərbaycanda uşaq siyasəti ilə bağlı qəbul olunmuş onlarla qanun və qərarlara baxmayaraq, bu gün ölkə ərazisində yayımlanan telekanallarda vəziyyətin acınacaqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşaqların yaşına uyğun verilişlər hazırlanmalı və burada ilk növbədə vətənpərvərlik mövzusu prioritet təşkil etməlidir. Millət vəkili Dövlət Uşaq Telekanalının açılmasını təklif edib.


İctimai Televiziyanın Proqram Departamentinin direktoru Abbas Rüstəmov isə bildirib ki, təmsil etdiyi telekanalın efirində kifayət qədər uşaq mövzusu işıqlandırılır ki, bu da “ELS”-in monitorinqinin nəticələrində öz əksini tapıb.
 

Prezident Administrasiyasının təmsilçisi Vüqar Səlimov bu cür tədqiqatların həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, bu istiqamətdə ictimai qurumlarla dövlət strukturlarının birgə fəaliyyət göstərməli olduğunu vurğulayıb.


Dəyirmi masanın sonunda ölkə başçısına Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı müraciətlər qəbul olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR