Vyana. Vüqar Mustafayev - APA. Ötən gün Vyanada (Avstriya) işə başlayan Avropa Qəzet Konqresinin illik toplantısı bu gün başa çatıb.
APA-nın məlumatına görə, Avropa ölkələrinin KİV redaktorlarının forumu şüarı altında keçirilən iclasın ikinci günündə əsas diqqət jurnalistlərin iş şəraiti, onların işinin stimullaşdırılması, sosial aspektlərə yetirilir.
Bununla yanaşı, forum iştirakçıları çap mediasının bugünkü problemləri, inkişaf perspektivləri, satış və abunə prosesləri və onların düzgün təşkili, tirajın müəyyənləşdirilməsi, mətnlərin daha dolğun, eyni zamanda qısa və operativ yazılması, araşdırmaların aparılması, maraqların qorunması məsələləri və digər aktual mövzularla bağlı müzakirələr aparıb.
Toplantının əsas mövzusu mətbuat orqanlarında idarəetmə ilə bağlı problemlər, azad jurnalistlərin prosesə cəlb edilməsi və əməkdaşların işinin stimullaşdırılması məsələlərinə həsr olunub.
Konfransda çıxış edən ekspert və alpinist Qeorq Baxler (Georg Bachler) qeyd edib ki, istənilən müəssisənin, o cümlədən mətbuat orqanın fəaliyyətinin təşkilində menecmentin düzgün qurulması, rəhbərliklə işçilər arasında sağlam münasibətlərin yaradılması vacib rol oynayır. Onun sözlərinə görə, hər bir mətbu orqanının meneceri kollektivin real potensialının müəyyənləşdirilməsi üçün işçilərin azad və sərbəst şəraitdə işləməsini təmin etməlidir: “Çünki insanın potensial imkanları bir çox məqsədlərə nail olmaq üçün yetərlidir. Sadəcə olaraq onun imkanlarının sərhədləri düzgün qiymətləndirilməlidir”.
Bununla yanaşı, Q.Baxler iş prosesində əmək kollektivi daxilində birliyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: «Mən dünyada hündürlüyü 8 min metr olan bütün dağları fəth etmişəm və anlamışam ki, buna mən təklikdə nail ola bilməzdim. İş prosesində də yekun nailiyyətlər komanda daxilində yaradılan sağlam ruhdan bir çox məsələ asılıdır. İşçilərin stimullaşdırılmasına da xüsusi diqqət yetirilməlidir».
Tədbirin gedişində «İlin Qəzeti» mükafatının təqdim edilməsi mərasimi keçirilib. Belə ki, «Yerli qəzet» nominasiyasında Norveçin «Bygdanytt» qəzeti, «Regional qəzet» nominasiyasında İspaniyanın «El Correo», «Milli qəzet» nominasiyasında Niderlandın «Trouw» və Belçikanın «De Tijd», «Həftəlik qəzet» nominasiyasında Almaniyanın «Die Zeit», «Xüsusi mükafat»a isə Almaniyanın «Welt am Sonntag» qəzeti layiq görülüb.
Qeyd edək ki, Vyana şəhər meriyası və «Japan Tobacco International» şirkətinin dəstəyi ilə təşkil olunan toplantıda əksər Qərbi və Mərkəzi Avropa, postsovet ölkələrini təmsil edən KİV-nin rəsmiləri iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanı bu toplantıda APA İnformasiya Agentliyi və «AzərTAc» təmsil edir. Səfər «Japan Tobacco International» şirkətinin Bakı ofisinin dəstəyi ilə təşkil olunub.