“Yaddan çıxmaz Qarabağ” ümumrespublika müsabiqəsinə yekun vurulub

“Yaddan çıxmaz Qarabağ” ümumrespublika müsabiqəsinə yekun vurulub
# 22 dekabr 2012 10:17 (UTC +04:00)

Mükafata layiq görülənlər arasında “Vesti.az”ın əməkdaşı Bəhram Batıyev də var

Bakı-APA. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və Qarabağın tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğalçılıq siyasətini əks etdirən “Yaddan çıxmaz Qarabağ” mövzusunda ümumrespublika yazı və telesüjet müsabiqəsinə yekun vurulub. APA-nın məlumatına görə, müsabiqəyə 200 nəfərdən artıq iştirakçı qatılıb. Münsiflər heyətinin qərarına əsasən Azərbaycan dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Dağlıq Qarabağın azərbaycanlı icması analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovun “XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin nəticələri” adlı məqaləsi layiq görülüb.

İkinci yerə Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevin “Qarabağ rəssamlıq məktəbinin XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında rolu” məqaləsi, üçüncü yerə isə iki iş: jurnalist Könül Cəfərlinin “Ürək dağlayan əsgər hekayəti: Siqaret, paqon mərmi...” və Seymur Həsənlinin “Erməni millətinin mahiyyəti və Qarabağa gedən yol” məqalələri layiq görülüb.

.

Rus dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə jurnalist Rizvan Hüseynovun “Naş neizvedannıy Naqornıy Karabax. Poezdka v Nargiztepe” məqaləsi layiq görülüb. Jurnalist Bəhram Batıyevin “Boroda intellektualnoqo çudaka Vassermana zaputalas v Karabaxe” adlı məqaləsi ikinci yer, Bakı Slavyan Universitetinin müəllimi Djeyla İbrahimovanın təqdim etdiyi “Nepokorennıy Xodjalı” məqaləsi isə üçüncü yer üçün ayrılmış mükafatla təltif edilib.

Müsabiqəyə təqdim olunmuş film və süjetlər sujetlər üçün birinci yerə Bəxtiyar Qaracanın “Ruhum Qarabağlıdır” filmi, ikinci yer üçün isə iki yer Elxan Yusiflinin “Savaş bitməyib proqramı”nda şəhid Əfqan Yəhyayev haqqında çəkilib, Etibar Məmmədovun “Soyqırımı Qaradağlı... davam edir” filmləri layiq görülüb. Mükafatları qaliblərə müsabiqənin keçirilməsi ilə bağlı yaradılmış münsiflər heyətinin sədri millət vəkili Elman Məmməddov təqdim edib.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə iştirak etmiş 6 müəllif həvəsləndirici mükafatlarla təltif olunublar. “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyəti üzvləri, Xocavənd rayon ictimaiyyəti və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, millət vəkili Elman Məmmədov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış ediblər. Təqdim etmə mərasimindən öncə Xocavənd rayonunun işğalının 20-ci ildönümü ilə bağlı çəkilmiş videoçarxlar nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR