“Azercell”in təşkilatçılığı ilə I Uşaq Paralimpiya Oyunları keçirilib

“Azercell”in təşkilatçılığı ilə I Uşaq Paralimpiya Oyunları keçirilib
# 06 noyabr 2015 14:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Milli Paralimpiya Komitəsi və “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə I Uşaq Paralimpiya İdman Oyunları keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Sumqayıt Paralimpiya Kompleksində baş tutan festivalın açılış mərasimində AR Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Azərbaycanda paralimpiya idman növü üzrə əldə olunan nailiyyətlər, həmçinin, bu sahəyə göstərilən diqqət və qayğının əhəmiyyəti barəsində danışaraq, “Azercell” ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.

“Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev respublikanın II böyük sənaye şəhəri olan Sumqayıtda belə bir Paralimpiya Kompleksinin fəaliyyətindən məmnun qaldığını bildirib: “50 uşaq və yeniyetmənin müxtəlif idman növləri ilə məşğul olduğu bu komitədə gələcəyin çempionlarının yetişdirilməsinə əminəm. Gənc paralimpiyaçılar əzmkarlıq nümayiş etdirərək yüksək nailiyyətlər əldə edirlər. Onlara dəstək olmaq bizim üçün qururverici və çox önəmlidir. İnanırıq ki, onlar hələ çox yerdə Azərbaycan bayrağını dalğalandıracaqlar”.

I Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində müxtəlif zallarda cüdo, boccia, tennis və üzgüçülük üzrə yarışlar keçirildi. Yarışda uğurlu nəticə əldə edən uşaqların mükafatlandırılma mərasimindən sonra qaliblərlə xatirə şəkli çəkdirilib.

Bir ildir yaranan Uşaq Paralimpiya Komitəsinə Azərbaycanın müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Komitənin fəaliyyəti “Azercell Telekom” tərəfindən dəstəklənir. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu il yay aylarının əvvəlində Paralimpiya üzrə idman ustaları - I Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümov və digərləri “Azercell” şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər.

“Azercell” şirkəti bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək, körpələrin cəmiyyətə inteqrasiyasını və idmana həvəsini artırmaq üçün köməyini əsirgəməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR