Ukrayna paytaxtında Bakı-2015 Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib

Ukrayna paytaxtında Bakı-2015 Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib
# 01 iyun 2015 14:38 (UTC +04:00)

Bakı – APA. Ukraynanın paytaxtı Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə baş tutan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşitsı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xreşatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.

Şəhərin mərkəzində bayram yürüşü zamanı paytaxt sakinlərinə və qonaqlara I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.

“Super Barabanşitsı” ansamblının iştirakı ilə bir gün sonra ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında daha bir bayram yürüşü keçirilib. Abidə önündə çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının məsuliyyətini dərk etməklə bir daha idman ölkəsi olduğunu sübut edib. O qeyd edib ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla həyata keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olunacaq.

Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, “Düşüncə” İctimai Birliyinin sədri Emil Hüseynli isə çıxışında deyib ki, Azərbaycan I Avropa Oyunlarına yüksək standartlar tətbiq etməklə, hazırlaşıb: “Azərbaycan dövləti və xalqı həmrəylik nümayiş etdirərək qarayaxma kampaniyasına baxmayaraq, ilk Avropa Oyunlarına ciddi hazırlaşıb. Oyunlardan sonra ölkəmizin qüdrəti bir daha dünya ictimaiyyətinə bəlli olacaq”.

Qeyd edək ki, ilk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR