Parlament seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatlar oktyabrın 12-dək MSK-ya müraciət etməlidirlər

Parlament seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatlar oktyabrın 12-dək MSK-ya müraciət etməlidirlər
# 31 avqust 2015 10:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini oktyabrın 12-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

APA-nın məlumatına görə, “exit-poll” keçirmək niyyətində olan təşkilatların MSK-ya yazılı müraciətinə təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti, təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (“exit-poll” keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumat əlavə olunmalıdır.

Hər bir yazılı müraciətə daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir. MSK səsvermə gününə ən azı 10 gün qalmışadək, yəni oktyabrın 22-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək və oktyabrın 22-dək bu proses yekunlaşacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər “exit-poll” keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və xarici hüquqi şəxslər seçkilər keçirilərkən “exit-poll” ilə əlaqədar tədbirlərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər, əsasən, seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR