Almaniyada “Rusiyanın Azərbaycan siyasəti: I Pyotrdan Putinə qədər dövrün müqayisəli təhlili” adlı monoqrafiya nəşr olunub

Almaniyada “Rusiyanın Azərbaycan siyasəti: I Pyotrdan Putinə qədər dövrün müqayisəli təhlili” adlı monoqrafiya nəşr olunub
# 30 iyun 2015 15:37 (UTC +04:00)

Bakı-APA. Tədqiqatçı Rauf Cəfərovun “Rusiyanın Azərbaycan siyasəti: I Pyotrdan Putinə qədər dövrün müqayisəli təhlili” əsəri Almaniyada nəşr olunub. APA-nın məlumatına görə, alman dilində nəşr olunan əsərdə göstərilir ki, Azərbaycan 200 ilə yaxın dövr ərzində Rusiyada formalaşan siyasi təsisatların bir hissəsi olub. Əvvəlcə Çar İmperiyasının, sonra isə Sovet İttifaqının tərkibində olan Azərbaycan bu müddətdə iki dəfə - Çar İmperiyasının süqutundan (1917-ci il) və SSRİ-nin çöküşündən (1991-ci il) sonra müstəqillik əldə edə bilib.


Nəşr olunan əsərdə bu iki tarixi dövrün müqayisəli təhlili aparılır, onların oxşarlığı və varisliyinə dair maraqlı faktlar ortaya çıxarılır. Araşdırılan hər iki dövrdə həm Azərbaycan, həm də Rusiya siyasi subyekt kimi ciddi dəyişikliklərə məruz qalıb. Rusiya özünün imperiya statusunu itirməklə razılaşmağa məcbur olub, Azərbaycan isə bunun nəticəsi olaraq müstəqilliyini əldə edə bilib. Araşdırmalar zamanı məlum olur ki, Rusiya hər iki dövrün sonunda özünün imperiya hökmranlığını itirməsinə rəğmən bütün Qafqaza özünün forpostu kimi baxmaqda davam edib və burada hakim qüvvə kimi öz hökmranlığını nümayiş etdirib. Digər tərəfdən, Azərbaycan müstəqil dövlət kimi çıxış edərək, öz müstəqilliyini böyük çətinliklərə baxmayaraq qorumağa can atıb.

Müəllif öz monoqrafiyasında bir tərəfdən hər iki dövrdə Rusiyanın Azərbaycan siyasətinin hərəkətverici qüvvələri, elementləri, təzahürləri və alətlərini müəyyənləşdirməyə çalışır, digər tərəfdən isə gələcəkdə baş verə biləcək proseslərin mümkün inkişaf ssenarilərini müəyyən etmək üçün Rusiyanın Azərbaycana münasibətdə həyata keçirdiyi siyasətin retrospektiv təhlilini aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR