Rusiyada azərbaycanlı tələbənin qətlində ittiham olunan rus millətçilərinin liderinə ömürlük həbs cəzası istənilib

Rusiyada azərbaycanlı tələbənin qətlində ittiham olunan rus millətçilərinin liderinə ömürlük həbs cəzası istənilib
# 15 iyul 2015 15:33 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı rus millətçilərinin liderinə ömürlük həbs cəzası istəyib.

Bundan əvvəl andlılar məhkəməsi İ. Qoryaçevi antifaşist Fyodor Filatov və İlya Caparidze, vəkil Stanistlav Markelov, azərbaycanlı tələbə Rəsul Xəlilov və Tacikistan vətəndaşı Saloxiddin Əzizovun qətlində günahkar bilib.

İ. Qoryaçevin vəkili Mark Feygin ona ömürlük həbs cəzasının düşmədiyini bildirib: “Belə ki, o, Serbiyadan Rusiyaya ekstradisiya olunub. Ekstradisiya haqqında qanuna görə isə Qoryaçevə ömürlük həbs cəzası verilə bilməz. Serbiyada bu cinayətlərə görə maksimum 40 il həbs cəzası verilir. Ona Rusiyada maksimum 25 il həbs cəzası verilməlidir”.

Bununla belə prokuror Mariya Semenenko Rusiya qanunvericiliyinə əsasən İ. Qoryaçevə ömürlük həbs cəzasının verilə biləcəyini bəyan edib.

İ. Qoryaçevin cinayət işinə andlılar məhkəməsində iyunun 2-dən baxılmağa başlanılıb. Rus millətçilərinin lideri günahını inkar edir.

Qeyd edək ki, İ. Qoryaçev ekstremist təşkilat yaratmaqda, ideoloji və milli düşmənçilik zəminində qətllərin törədilməsində və digər ağır cinayətlərdə ittiham olunur. İstintaqın versiyasına görə, 2008-ci ilin ortalarında İ. Qoryaçev və Nikita Tixonov radikal millətçi baxışları olan ekstremist və silahlı birləşmələrdən ibarət BORN təşkilatını yaradıblar. Onlar ideoloji və milli düşmənçilik zəminində insanları və onların təşkilatlarını qanunsuz hesab etdiklərinə görə qisas almaq məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetiriblər.

İstintaqın məlumatına görə, İ. Qoryaçevin rəhbərliyi altında bir neçə qətl törədilib.

Xatırladaq ki, İ. Qoryaçevin qətlə yetirdiyi şəxslər arasında azərbaycanlı tələbə, 1991-ci il təvəllüdlü Rəsul Tahir oğlu Xəlilov da olub. O, 2009-cu il sentyabrın 3-də saat 11.30 radələrində yaşadığı evin qarşısında odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR