AMEA prezidenti İsrailin Azərbaycandakı səfirini qəbul edib

AMEA prezidenti İsrailin Azərbaycandakı səfirini qəbul edib
# 20 noyabr 2014 13:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki səfiri Rafael Harpazı qəbul edib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə A.Əlizadə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd edib. O, elmin müvafiq sahələrində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Yaxın zamanda İsrailə səfər edəcəyini söyləyən A.Əlizadə elmlə təhsilin inteqrasiyası istiqamətində bu ölkənin təcrübəsini öyrənmək arzusunda olduğunu dilə gətirib: “Bu gün İsrail elmi çox yüksək nailiyyətlər əldə edib. Ölkə elm, təhsil və innovativ texnologiyaların inkişafı istiqamətində böyük təcrübəyə malikdir”.

İsraildə 70 mindən çox azərbaycanlının yaşadığını qeyd edən R.Harpaz AMEA rəhbərliyinə dəvət məktubunu təqdim edib. O, AMEA prezidentinin İsrailə səfərinin daha səmərəli təşkili məqsədilə İsrail elminin təbliği və tarixi abidələrinin tanıdılmasına dair xüsusi proqramın tərtib olunacağını vurğulayıb, AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlığa dair sazişin imzalanmasının vacibliyini önə çəkib.

Tədbirdə həmçinin bu əlaqələrin hər iki ölkədə mühüm elmi nailiyyətlərin əldə olunmasında böyük rol oynayacağı, əməkdaşlıq perspektivlərinin bundan sonra da inkişaf etdiriləcəyi bildirilib. Qeyd olunub ki, iki ölkə arasında bilik və təcrübə mübadiləsinin aparılması elmi imkanların daha da genişləndirilməsinə zəmin yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR