Bakı Sağlamlıq Mərkəzində jurnalistlər üçün media-tur keçirilib

Bakı Sağlamlıq Mərkəzində jurnalistlər üçün media-tur keçirilib
# 10 iyul 2014 13:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Çoxprofilli müasir klinika olan Bakı Sağlamlıq Mərkəzində jurnalistlər üçün media-tur keçirilib. APA-nın xəbərinə görə, tibb müəssisəsi barədə ətraflı məlumat verən Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bəbirov bildirib ki, prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb. Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır: “Bakı Sağlamlıq Mərkəzi iki korpusdan ibarətdir. 45 min kvadratmetr sahəni əhatə edən müasir səhiyyə ocağında qəbul, gözləmə və qeydiyyat şöbəsi, mərkəzi sterilləşdirmə bloku, qan bankı və laboratoriyalar yerləşir. Laboratoriyalarda klinik-hemotoloji, biokimyəvi-immunoloji və klinik-mikrobioloji analizlər aparılır. Mərkəzdə yüksək ixtisaslı kadr potensialı fəaliyyət göstərir. Burada xaricdə təhsil almış 6 mütəxəssis çalışır. Amma öz həkimlərimiz də bilik və təcrübələri ilə onlardan geri qalmır”.

Sonra jurnalistlər doğum evi ilə tanış edilib. Mərkəzin direktor müavini Cəmilə Ağazadə bildirib ki, Bakı Sağlamlıq Mərkəzində 12 mərtəbəli doğum korpusu tikilib. 220 çarpayılıq doğum evində bütün dünyada mövcud olan müasir avadanlıqlar var və lazımi şərait yaradılıb. C. Ağazadə qeyd edib ki, doğum korpusunda 137 həkim çalışır və onların 66-sı həkim, 71-i orta və kiçik tibb işçiləridir: “Doğum korpusuna qəbul edilən hamilə qadınlardan bütün növ xəstəliklərə qarşı analiz götürülür, lazımi müayinələr keçirilir. Əgər hamilə qadında hansısa patologiya qeydə alınarsa, onlar nəzarətə alınır və patologiya şöbəsində lazımi köməkliklər göstərilir”.

Şüa-diaqnostika şöbəsinin müdiri Ramin İbrahimov isə deyib ki, şöbədə 10 həkim fəaliyyət göstərir. Yüksək texnologiyalarla təmin olunmuş şöbədə vətəndaşlara hər növ xidmətlər göstərilir.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb, mərkəzin müxtəlif şöbələrinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR