Bakıda “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda beynəlxalq elmi simpozium keçirilir

Bakıda “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda beynəlxalq elmi simpozium keçirilir
# 07 may 2015 08:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq Elmi Simpoziumu başlayıb.

APA-nın xəbərinə görə, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli bildirib ki, iki gün davam edəcək Beynəlxalq Elmi Simpoziumun təşkilatçıları AMEA Folklor İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Türkiyə Hacı Bektaş Vəli Kültür Dərnəyi və Türk İşbirliyi Koordinasyon Ajansı Başkanlığıdır (TİKA).

İ.Həbibbəyli qeyd edib ki, simpoziuma Azərbaycanla yanaşı, İran, Dağıstan, Gürcüstan, Qazaxıstan və Türkiyədən tanınmış elm və mədəniyyət adamları qatılacaq. Onun sözlərinə görə, simpoziumda Azərbaycan və xarici ölkələrin 30-a yaxın elmi-mədəni təşkilat və müəssisələri təmsil edən 100-ə yaxın nümayəndə iştirak edəcək: “Bu gün Türkiyə ilə Azərbaycan bir millət, iki dövlət olaraq bütün sahələrdə birgə əməkdaşlıq edir. Bu münasibətlər elm, təhsil, mədəniyyət sahələrində də özünü büruzə verir. Hazırda bir sıra humanitar, elmi istiqamətdə əlaqələr zənginləşdirilir. Bu konfrans ortaq ədəbi keçmişə, mədəniyyətə, onun inkişaf problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunub. Bundan əlavə, ədəbiyyatlar, mədəniyyətlərin birliyini bu günün işığında yenidən dəyərləndirib yeni nəsillərə çatdırmaq kimi ali məqsədə xidmət edir”.

Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, bu simpozium 7 böyük türk sənətkarına həsr olunub. Onun sözlərinə görə, Azərbaycanın tarixi və mədəni zənginliyi haqqında dolğun təsəvvür yaratmaq məqsədilə simpoziumun keçirildiyi günlərdə qonaqların Bakı və ətraf ərazilərin tarixi abidələri və muzeyləri ilə tanış edilməsi də nəzərdə tutulur. M.İmanov qeyd edib ki, iki günlük beynəlxalq tədbir çərçivəsində aparılacaq birgə müzakirələr, fikir mübadiləsi sonradan iki dövlət arasında mədəniyyət, ədəbiyyat əlaqələrinin inkişafına müsbət təsir edəcək.

Türkiyə Hacı Bektaş Vəli Kültür Dərnəyinin rəhbəri Mustafa Özcivan təşkilat haqqında ətraflı məlumat verib. O, Bakıda belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. M.Özcivan bildirib ki, bütün sahələrdə olduğu kimi, mədəniyyət, ədəbiyyat sahəsində də birgə əməkdaşlıq bundan sonra da davam edəcək.

Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri Meral Barlas deyib ki, 7 ulu ozan türk xalqının tarixində mühüm izlər qoyub: “İnsanlara və həyata sevgi ilə baxmağı hər zaman üstün tutan bu ozanların əsərləri bu gün də xalq arasında tanınmaqda və sevilməkdədir. Orta tarixi mədəni dəyərləri tanımaq və nəsildən-nəsilə çatdırmaq mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilən iki günlük beynəlxalq konfransın keçirilməsi mühüm əhəmiyyətə malikdir”.

Tədbirdə təşkilat komitəsi adından simpoziumun bəzi iştirakçıları mükafatlandırılıb.

Tədbirin davamında AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, TİKA-nın koordinatoru Mustafa Haşim Polad tədbirin keçirilməsinin gələcək əlaqələrin inkişafına müsbət təsir edəcəyini bildirib. Qeyd edilib ki, qardaş, dost ölkələrlə əlaqələrin davam etdirilməsi hər zaman vacibdir və bu istiqamətdə mühüm işlər görülür. Bakıda belə bir simpoziumun keçirilməsi də mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, simpoziumun keçirildiyi zalın foyesində AMEA əməkdaşlarının soyqırımlara həsr olunan rəsm əsərlərinin sərgisi də təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR