Lənkəranda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı festival keçirilib - FOTOSESSİYA

Lənkəranda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı festival keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 may 2015 10:23 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda Gənclər və İdman Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş "Tarixin canlı səhifələri" adlı III Gənclər Festivalı keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, dövlət rəsmilərinin, millət vəkillərinin, xarici ölkə səfirlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, eləcə də Böyük Vətən Müharibəsi veteranlarının və tələbələrin iştirak etdikləri tədbirin keçirilməsinin başlıca məqsədi gəncləri hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini, Azərbaycan xalqının ön və arxa cəbhələrdə qələbənin əldə olunmasında müstəsna xidmətlərini bədii vasitələrlə əyani olaraq onlara çatdırmaqdan ibarət olub.

Mərasimdən əvvəl qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan parkda möhtəşəm abidə kompleksinin önünə dəfnə budaqlarından hazırlanmış çələng və gül dəstələri düzülüb.

Qonaqlar həmçinin Həzi Aslanovun ev-muzeyinə də baş çəkərək, qəhrəman sərkərdənin ömür və döyüş yolunu əks etdirən eksponatlarla tanış olublar.

Ev-muzeyinin həyətində çay süfrəsi ətrafına dəvət olunan qonaqları sərkərdənin nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov salamlayıb.

Tədbirdə iştirak edən xarici ölkə səfirlərinə muzeyin xatirə hədiyyələri təqdim olunub.

Milli Məclis spikerinin birinci müavini Ziyafət Əsgərov, millət vəkili Hadı Rəcəbli və digərləri qəhrəmanla bağlı ürək sözlərini dilə gətiriblər.

Tədbirin ikinci hissəsi axşam saatlarında xüsusi hazırlanmış ərazidə davam etdirilib. 1941-1945-ci illərdə faşizm üzərində qələbədə arxa cəbhədə fədakarlıq göstərən, döyüşlərdə canları və qanları bahasına qəhrəmanlıq zirvəsinə yüksələn dörd azərbaycanlının - Azərbaycandan ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun, əfsanəvi partizan Mehdi Hüseynzadənin, keçmiş sovet ölkəsinin bütün ali döyüş orden və medallarına layiq görülən, elm aləminə layiqli töhfələr verən akademik Ziya Bünyadovun və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolu canlı səhnələrlə mərasim iştirakçılarının gözü önündə canlandırılıb.

Ümumilikdə teatrlaşdırılmış səhnələrə 200-dən çox aktyor və xeyli sayda hərbi döyüş texnikası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR