Lənkəran teatrında Elçinin “Cəhənnəm yuxuları” tamaşasının premyerası olub - FOTOSESSİYA

Lənkəran teatrında Elçinin “Cəhənnəm yuxuları” tamaşasının premyerası olub - <span style="color: red;">FOTOSESSİYA
# 26 may 2015 20:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Mayın 26-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında xalq yazıçısı Elçinin “Cəhənnəm yuxuları” pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tamaşada ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs olunur. Yaradıcı kollektiv həmin dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlamış azərbaycanlı ziyalı ailəsində ərlə-arvadın təzadlı tale yoluna güzgü tutmaqla, tamaşaçıları xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyir. Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda isə personajları belə bir sual düşündürür: “Görəsən, biz də cəhənnəm sakinləriyikmi?!”

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur. Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.

Qeyd edək ki, tamaşanı izləyənlər arasında rayonun teatr ictimaiyyəti ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və aparat üzvləri, Bakı teatrlarının nümayəndələri də olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR