Vüsalə Mahirqızı: “Qadınlara qarşı zorakılıqla mübarizədə əsas yol maarifləndirmə və təbliğatdır” - FOTO - VİDEO

Vüsalə Mahirqızı: “Qadınlara qarşı zorakılıqla mübarizədə əsas yol maarifləndirmə və təbliğatdır” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 noyabr 2014 14:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən “Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi” adlı konfransda "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı “Məişət zorakılığı və erkən nikahların qarşının alınmasında KİV-in rolu” mövzusundakı çıxışı zamanı deyib.

V. Mahirqızı bildirib ki, qadınlara qarşı zorakılıq hallarının KİV-də işıqlandırılması zamanı çox diqqətli olmaq lazımdır: “Bu mövzu ilə bağlı maarifləndirmə işi aparmaq vacibdir. Çox təəssüf ki, bəzən media qadın zorakılığı ilə bağlı mövzunu sensasiyalı təqdimatla yayır, həmçinin zorakılığa məruz qalandansa zorakılıq edənin fikirlərinə yer verir, efirdə, media təbliğatında psixoloji zorakılıq və xırda məişət zorakılığı ilə bağlı barışıq, dözümlülük nümayiş etdirməklə bağlı mesajlar səsləndirilir. Çox təəssüf ki, bəzi hallarda bu çağırışlar elə xanımlar tərəfindən də səsləndirilir. Bu isə zorakılığın stimullaşdırılmasıdır və yolverilməzdir".

Media rəhbəri deyib ki, KİV-də zorakılığa məruz qalan şəxsin adının, soyadının, azyaşlıların üzünün göstərilməsi faktlarına rast gəlinir: “Bu, çox təəssüfləndirici məqamdır. Zorakılığa məruz qalan qadının özünün, ailəsinin və yaxınlarının bu cəmiyyətdə yaşayacaqları, həyatın davam etməsi heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bu mövzuda həm media, həm də xüsusilə zorakılıq faktları cinayətə çevrildiyi zaman hüquq-mühafizə orqanları mətbuata məlumat verərkən diqqətli olmalıdırlar. Əslində bu cür məlumatlarda şərti adlardan istifadə olunması və ya hadisənin baş verdiyi dəqiq ünvanın verilməməsi xəbərin yükünə kölgə salmır. Əsas məsələ faktı cəmiyyətə çatdırmaq və onu törədən səbəbləri göstərməkdir".

V. Mahirqızı tədbirin əsas təşkilatçılarından olan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat və Milli Teleradio şuraları ilə birgə bu sahədən yazan jurnalistlər üçün seminarlar təşkil etməsini təklif edib: "Bu sahədən yazan jurnalistlərin, hətta redaktorların peşəkarlaşmasına ehtiyac var. Məncə, Komitə tərəfindən mediada daha çox istifadə olunan terminlər, onların mahiyyəti ilə bağlı kitabçanın da hazırlanması pis olmaz".

Şirkət rəhbəri eyni zamanda Azərbaycan televiziyalarında dəb halını almış və daha çox ailədaxili münasibətlərin müzakirə olunduğu “tok-şou”larda Komitənin ekspertlərinin mütəmadi olaraq iştirak etməsi istiqamətində iş aparılmasını da təklif edib: "Bəlkə də bununla bağlı televiziyalardakı bədii şuralarla danışıqlar aparmaq olar. Həmin verilişlərin bəzilərində təəssüf ki, məişət zorakılığına haqq qazandırılmasına, zorakılığa məruz qalan deyil, zorakılıq edənə söz haqqı tanınmasına, ailə faciələrinin şou formatında, depressiv təqdimatlarına rast gəlirik. Məncə, Komitənin ekspertlərinin verilişdə iştirak edib, vaxtaşırı düzəlişlər vermələri ümumi təbliğata müsbət təsir edər".

V. Mahirqızı çıxışında qeyd edib ki, KİV-in bu məsələdə dövlət komitəsi və vətəndaş cəmiyyəti institutları ilə birgə işləməsi, mövzunu daim diqqətdə saxlaması, problemləri göstərməsi, hətta ictimai müzakirələr təşkil etməsi çox faydalı olar.

Tədbirdə eyni mövzu ilə bağlı təqdimat nümayiş etdirən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova statistik məlumatları təqdim edib. O, çıxışında zorakılığın formalarından danışıb, KİV-i məsələ ilə bağlı stimullaşdırıcı yazılardan çəkinməyə, maarifləndirici mesajlar verməyə çağırıb.

A. Veysəlova təmsil etdiyi Komitənin bu istiqamətdə QHT və KİV-lə apardığı işlər barədə də məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR