Azərbaycan səfiri Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş argentinalı jurnalistin məqaləsinə cavab verib

Azərbaycan səfiri Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş argentinalı jurnalistin məqaləsinə cavab verib
# 13 aprel 2015 08:25 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə "Perfil" qəzetinə məktub ünvanlayıb və həmin məktub qəzetin 12 aprel tarixli buraxılışında dərc edilib.

Məqalədə bildirilir ki, 5 aprel tarixində "Perfil" qəzetində dərc edilmiş və müəllifi Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxs olan "Dağlıq Qarabağ, Sovetlər İttifaqının verdiyi ilk çat" adlı məqalə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təhrif edir və münaqişənin mahiyyəti ilə bağlı dezinformasiya təqdim edir. Qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər etmək Azərbaycan Konstitusiyasının, müvafiq qanunlarının və beynəlxalq hüququn pozulmasıdır: “Azərbaycan hökumətinin razılığı olmadan bu ərazilərə səfər etmiş şəxslər arzuolunmaz şəxs elan olunur və onların adları bu kimi səfərlərin qarşısını almaq üçün hökumətin müvafiq siyahısına daxil edilirlər. Bu hərəkətlərinin səhv olduğunu Azərbaycan hökuməti qarşısında etiraf edən şəxslər öz adlarının həmin siyahıdan çıxarılmasını xahiş edə bilərlər. Azərbaycan tərəfi hər zaman bu kimi müraciətlərə baxmağa hazırdır”.

Yazıda bildirilir ki, BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı və digər çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyır və Azərbaycan ərazisindən Ermənistanın hərbi qüvvələrinin çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasını tələb edirlər: “Beynəlxalq təşkilatların çağırışlarına əməl etmək əvəzinə, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən hərbiləşdirilmiş ölkə olan Ermənistan getdikcə kəskin şəkildə azalan əhalisinin yoxsullaşması hesabına işğal olunmuş əraziləri güclü daha da hərbiləşdirməkdə davam edir. Əslində, bu ölkənin məqsədi qonşu ölkələrin ərazisi hesabına "Böyük Ermənistan" xülyasını həyata keçirməkdir və Azərbaycan ərazilərinin də işğalı bu planın tərkib hissəsidir. Öz təcavüz siyasətini ört-basdır etmək üçün Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində “Perfil” qəzetinin səhvən "respublika" kimi təqdim etdiyi qeyri-qanuni separatçı rejim yaradıb. Bu separatçı rejim Ermənistanın oyuncağından başqa bir şey deyil və dünyanın heç bir ölkəsi tərəfindən, heç Ermənistanın özü tərəfindən belə tanınmayıb”.

Məqalədə vurğulanıb ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır və 20 ildən artıqdır Ermənistanın destruktiv hərəkətləri nəticəsində hələ də heç bir nəticə verməyən ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlar prosesində iştirak edir: “Danışıqlarda Azərbaycanın məqsədi münaqişəni həll etmək, regiona sülh və inkişaf gətirməkdir. Lakin Ermənistanın danışıqlarda iştirakında məqsəd isə öz işğalını davam etdirmək, status-kvo kimi təhlükəli vəziyyəti saxlamaq və regiona faciələr gətirmək üçün vaxt qazanmaqdır. Bu ölkə başa düşmək istəmir ki, XXİ əsrdə beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsini qəbul etmir. Münaqişənin nizamlanmasına maneə Ermənistanın hərbi qüvvələrinin Azərbaycan ərazisində qalmasıdır. Həmin qoşunların işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması bu münaqişənin nizamlanmasının açar elementləridir. Azərbaycan Ermənistanın təcavüzünə son qoymaq və öz ərazi bütövlüyünü bərpa etmək üçün öz yoluna davam edəcək və səylərini əsirgəməyəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR