Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy başqan Arif Hacılını sərt tənqid edib

Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy başqan Arif Hacılını sərt tənqid edib
# 17 noyabr 2014 10:38 (UTC +04:00)

APA-nın məlumatına görə, S. Əlisoy özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində partiya qurultayının nəticələrini tanımadığını və A. Hacılının başqanlığını qəbul etmədiyini yazıb. O, sosial şəbəkə vasitəsilə A. Hacılıya müraciət edib:

“Qurultayın nəticələrini tanımıram və bu, o deməkdir ki, nə sənin başqanlığını, nə Divanını, nə Məclisini, nə də MNTK-nı legitim hesab edirəm. Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud, şiddətli töhmət alacağı barədə qərarın kim tərəfindən verildiyini, "divanınızın" hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik. Sən adını Müsavat Partiyası tarixinə "saxtakar başqan" kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir. Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu, o anlama gələ bilməz ki, səni qəbul etməyənlər susmağa vadar olacaq, əmin ol, belə bir şey baş verməyəcək, nədən ki, hədəfin növbədənkənar qurultay olması barədə mübarizəyə start verilib. Sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir”.

Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy Divana getməyəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR