Azərbaycan Dövlət İqtisad Universitetinə prorektor təyin olunub

Azərbaycan Dövlət İqtisad Universitetinə prorektor təyin olunub
# 01 sentyabr 2015 15:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İqtisad elmləri namizədi Şaiq Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Təşkilati və inzibati işlər üzrə prorektoru təyin olunub. Universitetdən APA-ya verilən məlumata görə, Ş. Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetinin “Jurnalistika”, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi”, 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarını bitirib.

Ş. Əsgərov 2007-ci ildə “Elektron informasiya vasitələrində reklam bazarının marketinq tədqiqi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə edib. Dissertasiya işinin mövzusu üzrə onun 16 elmi əsəri, o cümlədən 14 məqaləsi, 1 dərsliyi və 1 metodiki vəsaiti çap olunub.

Elmi-tədqiqat və tədris işləri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarət” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2006-2015-cı illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini olmuşdur. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaqüçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR