İstanbulda keçirilən V Bosfor Sammiti davam edir

İstanbulda keçirilən V Bosfor Sammiti davam edir
# 13 dekabr 2014 11:10 (UTC +04:00)

Bakı - APA-Economics. Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə İstanbulda keçirilən “Sabahın dəyişən ssenarisi: mürəkkəbliyi dərk etmək və dialoqları inkişaf etdirmək” mövzusunda V Bosfor Samiti işini davam etdirir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sammitdə ölkəmizi adıçəkilən komitənin sədrinin birinci müavini Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Zirvə toplantısının budəfəki iclasında 70 ölkəni təmsil edən dünya liderləri, yüksək rütbəli dövlət məmurları, dünyanın tanınmış investisiya şirkətləri və 100-dən artıq özəl şirkətin rəhbərləri qatılıb.

Sammitdə investisiya imkanlarının araşdırılması, yeni bazar prinsipləri, İslam bankçılığı və dünyada dinamik dəyişən cəmiyyətin digər problemləri kimi məsələlər ilə bağlı dəyirmi masalar təşkil edilib. Zirvə toplantısını Türkiyənin sabiq prezidenti Abdullah Gül açıq elan edib.

Tədbirin ikinci günündə Türkiyə baş nazirinin müavini Ali Babacan çıxış edib. O, Türkiyənin iqtisadi strategiyası, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və bu yaxınlarda Avstraliyada keçirilmiş “G20” iclasında qəbul edilmiş proqram haqqında geniş məruzə ilə çıxış edib.

Daha sonra A. Babacan Türkiyə iqtisadiyyatının 20 il öncə və bugünkü vəziyyəti arasında müqayisəli təhlilini apararaq qeyd edib ki, Türkiyə hökuməti arzu etdiyi iqtisadi inkişaf və demokratiya nöqtəsinə çatmaq məqsədilə 2008-ci ildən başlayaraq hər bir nazirlik üzrə inkişaf proqramı yaradıb və 2020-ci ilə qədər bu proqramın həyata keçirilməsində israrlıdır.

Zirvə toplantısı daha sonra panellər üzrə işini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR