Ukraynada yaşayan azərbaycanlılar və digər etnik qrupların nümayəndələri prezident Poroşenkoya müraciət ediblər

Ukraynada yaşayan azərbaycanlılar və digər etnik qrupların nümayəndələri prezident Poroşenkoya müraciət ediblər
# 10 iyun 2014 15:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynada yaşayan azsaylı xalqların, o cümlədən azərbaycanlıların nümayəndələri yeni seçilmiş prezident Pyotr Poroşenkoya məktubla müraciət ediblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, müraciət Ukrayna Millətlər Assambleyasının (UMA) İdarə Heyətinin qərarı ilə BUAK sədri, UMA prezidenti Rövşən Tağıyevin imzası ilə göndərilib.

Məktubda əvvəlcə 25 may prezident seçkilərində qələbə çalan P. Poroşenko təbrik edilir və Ukraynada yaşayan etnik azlıqların ölkənin gələcəyi naminə onu dəstəklədiyi ifadə olunur. Bildirilir ki, seçkilərin nəticələri Ukraynadakı bütün xalqlarda gələcəyə böyük ümid yaradır.

Müraciətdə UMA-da birləşən xalqların təmsilçiləri öz tələb və təkliflərini də açıqlayıblar: “Biz yeni hakimiyyətdən parlamentin tezliklə buraxılmasını istəyirik. Çünki hazırkı parlamentdə köhnə rejimdən qalan, totalitar meylli şəxslər var ki, bu da ölkədə yaşayan çoxsaylı millətlərin iradəsinə cavab vermir. Ona görə də biz ümidvarıq ki, yeni hakimiyyət bir sıra islahatlarla yanaşı, parlamentin də buraxılaraq tezliklə növbədənkənar seçkilərin keçirilməsinə nail olacaq. Assambleyada birləşən xalqların əhatə etdiyi böyük elektoratı nəzərə alaraq yeni parlamentin formalaşmasında bizlər də yaxından iştirak edəcəyik”.

Qeyd edək ki, UMA-da Ukraynada yaşayan azərbaycanlılar, macarlar, tatarlar, yəhudilər, ruslar və qaqauzları - ümumilikdə 30 etnik qrupu təmsil edən 10 təşkilat birləşir. UMA-nın hazırkı prezidenti Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR