Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa Təlim Fondu gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa Təlim Fondu gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edir - <span style="color: red;">FOTO
# 20 fevral 2014 14:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Təlim Fondunun (ATF) Azərbaycan üzrə yeni meneceri Franka Krestanini və Fondun nümayəndəsi Arjen Deiji qəbul edib. Görüşdə S.Müslümov vurğulayıb ki, ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığı çərçivəsində icra olunan layihələrin Azərbaycanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların aparılmasında mühüm əhəmiyyət kəsb edir. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin «APA-Economics»ə verdiyi məlumatda bildirib.

Avropa Birliyinin bir agentliyi kimi fəaliyyət göstərən ATF-nin Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda uğurlu iş təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər aidiyyəti qurumlar, sosial tərəfdaşlar və biznes cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlığının ölkədə peşə təlimi sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması sahəsində aparılan islahatlar üçün önəmli dəstək olduğunu deyib.

Nazir bildirib ki, ölkənin iqtisadi tərəqqisinə, müasir texnologiyaların daim genişlənən tətbiqi proseslərinə uyğun olaraq əmək potensialının keyfiyyətcə yüksəldilməsi və işçi qüvvəsinin rəqabət qabiliyyətinin əmək bazarının tələbləri səviyyəsinə çatdırılması əsas prioritetlərdən biridir: «Aktiv əmək bazarı proqramlarının təkmilləşdirilməsi, 200 peşə standartının və uyğun təlim standartlarının, onların əsasında 52 peşəyönümü profil və 43 modul təlim proqramının hazırlanması üzrə işlər aparılıb. Hazırda isə həmin standartlar əsasında vətəndaşların peşə səriştələrinin yüksəlməsini təmin etmək üçün Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur».

Nazir bu sahədə aparılan işlərdə, ümumən peşə təliminin real iqtisadiyyata cavab verəcək səviyyədə qurulmasında ATF-nin institusional dəstəyinin dəyərli olduğunu qeyd edib və əldə edilmiş müsbət təcrübə əsasında əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə əmək bazarının peşə təhsili və təlimi sisteminə olan tələblərinin iqtisadiyyatın sahələrinin daha geniş şəkildə əhatə olunması ilə müəyyənləşdirilməsi, Milli İxtisas Çərçivəsinə müvafiq olaraq Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üzrə məsləhətləşmələrlə əlaqədar gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR