“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın təqdimatı keçirilib

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın təqdimatı keçirilib
# 24 fevral 2014 13:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın təqdimatı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Xocalı soyqırımı Azərbaycanın yeni tarixində dərin iz buraxıb: “Əfsuslar olsun ki, Azərbaycan uşaqları da bu zorakılığın qurbanı olub”.

H. Hüseynova deyib ki, Heydər Əliyev Fondu, Milli Təhlükəsizlik Nazirliyi və digər qurumlar bu mövzuda çoxlu sayda kitablar nəşr etdiriblər: "Lakin bu kitab onunla fərqlənir ki, müharibə, onun dəhşətləri, erməni terrorizmi uşaqların öz dili ilə təsvir olunur".

Sonra tədbirdə Xocalı soyqırımı həqiqətlərindən bəhs olunan video çarx nümayiş etdirilib.

Millət vəkili Bəxtiyar Sadıqov çıxışında bəyan edib ki, bu məsələdə bütün azərbaycanlılar birgə olmalıdır: "Sözügedən kitab ermənilərə qarşı bir ittiham aktıdır. Ermənilər uşaqları qətlə yetirməklə bütün bəşəriyyətə qarşı cinayət törədiblər. Onlar bəşəriyyət qarşısında cavab verəcəklər".

“Dağlıq Qarabağ Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov da qeyd edib ki, kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli bir faktdır.

Tədbir müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR